Bakı Apellyasiya Məhkəməsində “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub.
"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun həbs-qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.
Bu barədə Foto.info.az -a Əziz Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.
Səbail rayon Məhkəməsinin həmin qərarı martın 19-da qəbul edilmişdi. Onda həm Ə.Orucovun, həm də bu televiziyanın əməkdaşı Şamo Eminovun ilkin həbs müddəti uzadılmışdı.
L.Orucova Ə.Orucov ilə bağlı Səbail və Bakı Apellyasiya məhkəmələrinin qərarlarını əsassız sayır: "Noyabrdan bir dənə də olsun istintaq hərəkəti aparılmayıb".
Bu açıqlamaya, hələlik, istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Qeyd edək ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb və qanunsuz tikinti aparmaqda ittiham olunub. Məhkəmə onu ilkin olaraq üç ay müddətinə həbs edib. Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb. Sonra həbs müddəti uzadılıb.
Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Kanal-13" ilə əməkdaşlıq edən jurnalist Şamo Eminov isə dekabrın 22-də saxlanıb və qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Azərbaycanda son aylar 10-a qədər jurnalist tutulub. Onların çoxuna qaçaqmalçılıq ittihamı verilib. Onlar ittiham ilə razılaşmırlar və onu peşə fəaliyyətləri ilə izah edirlər. Amma rəsmilər də ölkədə jurnalistlərin sırf peşə fəaliyyətlərinə görə həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.