94-cü il idi, Qubad müəllim aspiranturada, mən 4-cü kursda oxuyurdum. İkimiz də günortadan sonra işləyirdik, ancaq heç cür özümüzə yeni kostyum ala bilmirdik. Xərclərimiz artmışdı, rayonumuz işğal olunduğundan anamız digər qardaşlarımızla Bakıya yerləşmişdi.
Kostyum şərt idi, çünki qardaşım artıq institutda elmi konfranslara, müzakirələrə qatılırdı. Elə alındı ki, kostyumun pulunu birtəhər düzəltdik və almaq üçün birlikdə "talkuçkaya" getdik.
Əslində, ikimizin də getməyinə gərək yox idi. Çünki Qubad müəllimlə aramızda böyük yaş fərqi yoxdu, ona görə də tələbəlik illərində köynək və şalvarla bağlı problemimiz də olmazdı, ehtiyac olanda bir-birimizin paltarlarını geyinərdik. Bazarda bir neçə kostyuma baxdıq, qardaşımın təkidi ilə kostyumları mən geyinib yoxlayırdım, tez-tez fikrimi soruşurdu, düzü, ölçülərimiz eyni olduğundan buna xüsusi əhəmiyyət verməmişdim. Kostyuma məndən çox Qubad müəllimin ehtiyacı olsa da, nəhayət qəlbindəkini açıqladı, "Gəl, kostyumu sənə alaq, hansı xoşuna gəlirsə, onu seç. Ehtiyac olsa, arada mən də geyinərəm", dedi.
Mənim bəyəndiyim kostyumu aldıq və ondan sonra nə zaman qardaşıma kostyum lazım olsa, məndən icazə alıb götürərdi. Qubad müəllim mənə deməmiş, heç vaxt o kostyumu geyinmədi....