“Eurostat”da qeyd olunan məlumatlara əsasən, 2022-ci ildə 2965 Azərbaycan vətəndaşı Avropa Birliyi ərazisində sığınacaq almaq üçün müraciət edib. Bu müraciətlərin 1395-i Almaniyaya, 785-i Fransaya, 270-i İsveçə, 140-ı Hollandiyaya, 80-i Belçikaya ünvanlanıb.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın məlumatlarına əsasən, 2014-2022-ci illər arasında Almaniyadan 1682, İsveçdən 192, Avstriyadan 41, digər Avropa Birliyi ölkələrindən ümumilikdə 105 Azərbaycan vətəndaşı deportasiya edilib.
Vəkil Elçin Sadıqov deyir ki, Azərbaycandan Avropaya mühacirətə gedənlərin əksəriyyəti sonradan orada müdafiələrini qura bilmirlər.
Onun sözlərinə görə, inzibati orqanlar da tərəfli davranırlar:
“Onlar da maraqlıdırlar ki, mühacirlərin sayı az olsun. Azərbaycan rəsmilərinin Avropaya, xüsusilə Almaniyaya səfərlərindən sonra mühacirlərin kütləvi deportasiyası baş verir. Bu da şübhələr yaradır ki, hökumətlər arasında qanunsuz danışıqlar olur. Azərbaycan hökuməti onlara yalan sənədlər təqdim edir ki, guya həmin mühacirlərin Azərbaycanda heç bir problemi yoxdur. Amma o siyasi fəallar ölkəyə deportasiya edildikdən sonra, həbs olunurlar. Ona görə də, məncə Azərbaycanın verdiyi sənədlərə şübhə ilə yanaşmalıdırlar və dərindən araşdırmalıdırlar ki, bu şəxslərin ölkədə problemləri var, ya yox. Azərbaycan hökuməti readmissiya müqaviləsinə (Avropa İttifaqı və Azərbaycan arasında bağlanmış bu müqaviləyə əsasən, Azərbaycana qaytarılan mühacirlər təqib olunmamalıdırlar – red.) əməl etmir, ona görə də Almaniya hökuməti siyasi fəalların Azərbaycana göndərilməsini dayandırmalıdır”- deyə vəkil Elçin Sadıqov bildirib.