Silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafaya məxsus avtomobil ərazidən götürülərək ekspertizaya aparılıb.
İlkin ehtimala görə, hadisəni törədən şəxs və ya şəxslər deputata ərazidəki hasarın arxasından atəş açıb. İran terror şəbəkəsi terroru törətməkdə şübhəli bilinir.
Millət vəkili Fazil Mustafaya evinin qarşısında avtomat silahla hücum edilməsi ilə bağlı ilginc iddiaları qüvvətləndirən bir neçə tutarlı detallar gözdən yayınmır:
1. Avtomat silah 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı istifadə edilmişdi. Həm 4 mart 2023-cü ildə "Bravo" hipermarketin bankomat yerləşən giriş hissəsinə, həm də Fazil Mustafaya hücumda avtomatdan istifadə xüsusi bir mesajdır.
2. Fazil Mustafaya hücum üçün 28 mart tarixinin seçilməsinin də təsadüf olmadığı iddia edilir. Belə ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 104-cü ildönümüdür. Məhz bu ildönüm zamanı edilən hücum da mesaj xarakteri daşıyır. Nəzərə alsaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə keçirilən tədbirdə "Bəzi qonşu dövlətlərin xüsusi xidmət orqanlarının təxribatlarının qarşısı qətiyyətlə alınır" çıxışından saatlar sonra bu hadisə baş verdi, o zaman burada da xüsusi bir mesajn axtarmağa dəyər. Qeyd edim ki, son həftələr DTX xüsusilə xeyli sayda İran casuslarını ifşa etməsi ilə önəmli əməliyyatlar icra edir.
3. Növbəti iddia isə İsraildə səfirliyimizin binasının açılması ilə bağlıdır. Belə ki, XİN başçısı Ceyhun Bayramov dünən İsrailə səfərə yola düşüb, bu gün bu dəqiqələrdə isə artıq səfirliyimizin fəaliyyətə başlaması ilə bağlı rəsmi mərtasimdə iştirak edir.
4. Terror hücumu ilə bağlı ortaya çıxan digər detallar da izin molla rejiminə aid olduğunu qənşərə çıxarır. Tanınmış prodüser Oqtay Əliyevin ölümündən sonra onun faciəvi şəkildə həlak olması ilə bağlı yazılan statuslardan birinin şərh bölməsinə Ramin Vəliyev adlı sosial şəbəkə istifadəçisinin yazdıqları belə düşünməyə əsaslar yaradır. Əslində bu şərhlə adı çəkilən profil sahibinin Fazil Mustafanın güllələnməsindən əvvəl ona sui-qəsd olunacağı ilə bağlı anons verdiyini deyə bilərik.