18 iyun 2021-ci il tarixində Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib.
Ümumi Yığıncaqda sədr Emin Əliyevin iki illik fəaliyyət hesabatının qiymətləndirilməsi, yeni idarə heyəti və Nəzarət Təftiş Komissiyasının tərkibinin seçilməsi, cari mövzuların müzakirə edilməsi planlaşdırılıb. Ümumi Yığıncağın yekununda ölkə başçısı cənab İlham Əliyevə müraciətin ünvanlanması da nəzərdə tutulub.
İlk olaraq sədr Emin Əliyev üzvləri salamlayaraq, vaxt ayırıb toplantıda iştirak etməyə gəldikləri üçün təşəkkür etdi. Daha sonra o, iki illik sədr fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verdi. Bu müddət ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verildi. Emin Əliyevin fəaliyyəti Ümumi Yığıncaq iştirakçıları tərəfindən səsə qoyuldu və yekdilliklə müsbət qiymətləndirildi.
Daha sonra yeni İdarə heyətinin üzvlərinin seçilməsi üçün namizədlərin siyahısı üzvlərin diqqətinə çatdırıldı. Beş nəfərdən ibarət yeni İdarə Heyəti siyahı üzrə səsverməyə çıxarıldı və seçildi. Bundan sonra isə yeni sədrin seçilməsi üçün də səsvermə keçirilərək vahid namizəd olaraq Emin Əliyevin namizədliyi irəli sürüldü və o səsvermə nəticəsində yekdilliklə yenidən sədr seçildi. Eyni zamanda Nəzarət Təftiş Komissiyasının da üzvləri də vahid siyahı əsasında seçilərək təsdiq edildi.
Bundan sonra cari məsələlər müzakirə edilərək orqanik məhsul istehsalı və ixracı sahəsində qarşıya çıxan problemlər müzakirə edildi və aidiyyəti üzrə dövlət orqanları rəhbərləri ilə silsilə görüşlərin keçirilməsi ilə bağlı müraciət edilməsi üçün qərar verildi və ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olundu.
Qeyd edək ki, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi 19 iyun 2019-cu il tarixdə təsis edilib və 02 avqust 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Fəaliyyət göstərdiyi dövr ərzində 50-dən çox irili-xırdalı layihənin icrası təmin edilib.