Gəncədə bacısını “Instagram” sosial şəbəkəsindən istifadə etdiyinə görə öldürməkdə şübhəli bilinən qardaşa cinayət işi açılıb.
Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, noyabr 27-də saat bir radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır. O, WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olub.