İsmayıllı-Lahıc yolunda hərəkət qismən bərpa olunub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu gün günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət qismən aradan qaldırılıb.
Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunub.
Hazırda ərazidə hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, sel suları Lahıc yolunu dağıdıb. Nəticədə qəsəbənin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib.