Avropa İnsan Hüquqları Konvensiyasının ikinci maddəsi dövlətlərə yaşamaq hüququnu qorumaq öhdəliyi qoyur. Azad olunmuş Azərbaycan torpaqlarına mina basdırmış Ermənistan ordusu hökumətin bir qanadı sayılır və Ermənsitan hökumətini təmsil edir. Ermənsitan da qeyd etdiyim konvensiyanın ikinci maddəsinə əsasən mülki şəxslərin həyatlarını itirməməsi üçün müvafiq tədbirlər görməlidir, həmin ərazilərin xəritələri Azərbaycana verilməlidir.
Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
F.Mehdiyev qeyd edib ki, hazırda da Ermənistanın Avropa Konvesniyasının ikinci maddəsinə dair öhdəliyi qüvvədədir:
“Hərbi zərurət olan hallarda insan hüquqlarına dair bəzi məsələlərə fərqli yanaşmaq olur. Amma Ermənistan həmin ərazilərdən çıxıb, müqaviləyə də imza atıb. Ermənistan həmin torpaqlarda öz əlləri ilə təhlükə mənbəyi yerləşdirib. Bu səbəbdən orda həyatını itirmiş və yaxud da şikəst olan hər bir şəxsə görə Ermənistan dövləti birbaşa məsuliyyət daşıyır”.
F.Mehdiyev qeyd edib ki, azad olunmuş ərazilərdə minaya düşüb şikəst olan insanların özü, ya da həlak olanların ailə üzvləri Ermənistanı dərhal Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməlidir:
“Mina xəritələrini verməyən Ermənistanla bu ölüm/şikəstqalma halları arasında birbaşa səbəbli əlaqə mövcuddur. Hökumət bu şikayətlərin verilməsində köməklik göstərsəydi, yaxşı olardı”.