Nail Cəlil: “ABŞ səfirinin münaqişənin həll olunmaması ilə bağlı fikirləri absurd və qeyri-ciddidir”
“Qərbdə müəyyən dairələr Güney Qafqazda “idarəolunan münaqişə” vəziyyətinin davam etməsində maraqlıdırlar. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmaması və bu istiqamətdə səylərin göstərilməsinin vacibliyi barədə ardıcıl açıqlamaları bu mənada, təsadüfi deyil. Keçmiş Minsk Qrupu həmsədri olmuş ölkələrdən ABŞ və Fransa təmsilçilərinin bənzər açıqlamaları, bəyanatları artıq 7-8 aydır ki, vaxtaşırı səsləndirilir. Lakin coğrafi-siyasi maraqlar müstəvisində dilə gətirilən bu kimi subyektiv, birtərəfli, hətta qərəzli fikirlər regionda yaranmış yeni hərbi-siyasi reallığı dəyişməyə qadir deyil. Münaqişənin taleyi 44 günlük Vətən müharibəsi nəticəsində, 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə bəyanatı ilə həll olunub. Faktiki olaraq, müharibədə məğlub olan rəsmi İrəvan bununla kapitulyasiyanı qəbul edib, işğal etdiyi ərazilərin təqribən yarısını döyüşsüz, müqavimətsiz – təslim olaraq tərk edib”.
Avrasiya.net xəbər verir ki, bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında tanınmış politoloq Nail Cəlil söyləyib.
Siyasi ekspert qeyd edib ki, tərəflər arasında müəyyən gərginliklər yaşansa da, Azərbaycan azad etdiyi ərazilərdə möhkəmlənir, sərhədlərini mövcud xəritələrə uyğun dəqiqləşdirməkdə davam edir, delimitasiya və demarkasiya tədbirlərinə hazırlıq görülür, Ermənistan hakimiyyəti və cəmiyyəti də ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qayıtmaqdan fərqli alternativinin olmadığını artıq başa düşür. Məğlub Paşinyanın öz komandası ilə növbədənkənar seçkilərdə yenidən seçilməsi, parlamentdə çoxluq əldə etməsi də təsdiqləyir ki, erməni cəmiyyətində əksəriyyət münaqişənin davam etməsini istəmir, onlara Qarabağın dağlıq hissəsi də lazım deyil: “Belə görünür ki, bu tipli açıqlamalarla ABŞ səfiri Ermənistanı yenidən destruktiv mövqeyə, gözlənilən sülh danışıqlarında qeyri-adekvat mövqeyə sövq etməyə çalışır. Əslində, sülhün təminatı, sərhədlərin dəqiqləşdirilməsi və tam tanınması hazırda Ermənistana daha çox lazımdır. Əks halda, bu ölkənin regional inteqrasiya və sivil inkişaf şansları sıfra bərabərdir. Çünki regionda hamıdan kiçik və zəif olan bu ölkənin az qala bütün qonşularına açıq və gizli ərazi iddiaları ilə çıxış etməsi indi onu tragikomik vəziyyətə salıb. ABŞ rəsmiləri deyəsən, rəsmi İrəvanın bu vəziyyətdən çıxmasını istəmirlər”.
Politoloq Nail Cəlil bildirib ki, əslində, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün 44 günlük müharibəyə qədər hər hansı praktik addım atmayıb: “Sadəcə, müəyyən həll modelləri təklif edilib, kövrək atəşkəs şəraiti illərlə uzadılıb, işğalçı tərəfin ərazilərimizi tərk etməsi üçün isə beynəlxalq hüququn tələb etdiyi zəruri tədbirlər görülməyib, məcburetmə mexanizmi işə düşməyib. Belə olan halda Azərbaycan problemi hərbi-siyasi güc müstəvisində həll etməli olub və böyük, tarixi qələbə qazanıb. Kimin nə deməsindən asılı olmayaraq, Dağlıq Qarabağ ifadəsi artıq tarixə qovuşub və münaqişə vəziyyəti gündəmdə deyil”.
Politoloq onu da vurğulayıb ki, bu tipli açıqlamalar ərazi bütövlüyünü əhəmiyyətli dərəcədə bərpa edən Azərbaycana rəsmi Vaşinqtonun nəzərində mühüm əhəmiyyət kəsb edən təsir rıçaqlarından birinin artıq tam itirilməsindən irəli gəlir. Heç kəsə sirr deyil ki, qlobal güclər lokal münaqişələrdən və mübahisələrdən hər zaman öz maraqları naminə faydalanmağa çalışırlar. Bu mümkün olmayanda bənzər açıqlamalarla siyasi-psixoloji təzyiq göstərməyə, “stəkanda fırtına” yaratmağa çalışırlar: “Səfir eyni fikirləri birtərəfli qaydada, dəfələrlə təkrar edirsə, demək, bu rəsmi Vaşinqtonla razılaşdırılmış, uzlaşdırılmış mövqedir. ABŞ-ın Dövlət Departamentinin və Azərbaycandakı səfirliyinin məsələyə aydınlıq gətirmək istəməməsi, məqsədli susması, Şuşaya təşkil olunan səfərdən imtinası da bu qənaəti qüvvətləndirən faktorlardır”.
Nail Cəlil əlavə edib ki, uzun müddət münaqişənin sülh yolu ilə ədalətli həlli istiqamətində ciddi bir addım atmayan ABŞ artıq 44 günlük müharibədən sonrakı mərhələdə iştirak üçün mənəvi haqqını tam itirib. İndiyə kimi, Ermənistanın əraziləri uzun müddətdə işğalda saxlamasına, Azərbaycan ərazilərində törədilən vəhşiliklərə, vandalizm aktlarına əksər hallarda bilərəkdən göz yumulub: “Minsk Qrupuna həmsədr təyin edilən şəxslərin çoxsaylı, nəticəsiz səfərlər etməkdən başqa işləri nəzərə çarpmayıb, əslində, onların konkret iş görmək üçün bir səlahiyyəti də olmayıb. ABŞ super güc kimi, işğalçı Ermənistana təsir göstərmək əvəzinə, Azərbaycana silah ixracı ilə bağlı məhdudiyyətlər tətbiq edib, süni tarazlaşdırma vəziyyəti yaradıb. 30 il ərzində işğalın davam etməsinin gerçək səbəblərindən biri də budur”.
Siyasi ekspert sonda onu da qeyd edib ki, Əfqanıstanda, Suriyada, İraqda baş verənlər ABŞ-ın Avrasiya məkanında hərbi-siyasi iflasa uğradığını təsdiqləyir: “Bütün bunların fonunda ATƏT-in Minsk Qrupunu diriltmək və yenidən Güney Qafqazda fəal geopolitik oyunçuya çevrilmək cəhdləri uğursuzluğa düçardır. Bu səbəbdən, ABŞ rəsmiləri “münaqişə həll olunmayıb, status vacibdir” tipli fikirləri qeyri-ciddi və absurd görünür. İstənilən halda, artıq şərtləri Azərbaycan diktə edir”.