Ötən günlərdə sosial şəbəkələrdə Əfqanıstanın Kabil hava limanında 10-12 yaşlı əfqan qıza geyimini, yeməyini və corablarını geyindirən Azərbaycan sülhməramlılardan birinin fotosu yayılıb. Hamı hərbçimizin fədakarlığından, insanlığından danışıb, bu hərəkəti ilə əsl azərbaycanlı hərbçisinə yaraşan humanizmlik nümayiş etdirdiyini söyləyib.
Xalq Cəbhəsi.az sosial şəbəkələrdə günün qəhrəmanına çevrilən həmin sülhməramlını tapıb, onunla əlaqə saxlayıb.
Qəhrəmanımız Həkimov Zaur Şahmurad oğludur.
Z.Həkimov əvvəlcə Kabildəki vəziyyətdən danışdı. Bildirdi ki, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir: “Burada “Taliban” hakimiyyətə gəldikdən sonra Kabil aeroportu əfqanlarla doludur. Biz onların təhlükəsizliklərini təmin etməklə yanaşı, başqa ölkələrə təxliyə prosesinə nəzarət edirik. Amma bununla yanaşı onlara da dəstək oluruq. Xaricə getmək istəyi ilə hər gün bura on minlərlə əfqan gəlir. Günlərlə burada qalırlar. Ac, susuz, geyimsiz... Vəziyyətləri çox acınacaqlıdır”.
Sülhməramlımızdan “Taliban” qüvvələri ilə münasibətlərindən soruşduq. Z.Həkimov dedi ki, hər gün “Taliban” üzvləri ilə üzləşirlər. Onlar hava limanının xaricində vəziyyətə nəzarət edirlər. Tez-tez ünsiyyətdə olurlar, hətta onlara su da verirlər, onlardan süıhməramlılara heç bir təhlükə yoxdur.
Sülhməramlımız üzləşdiyi təsirli hadisələrdən də danışdı: “Bir əfqan kişi gətirib 3 aylıq südəmər körpəni bizə təhvil verdi ki, heç kimi yoxdur. Mən də gördüm ki, körpə acından ağlayır. Getdim gözləmə salonuna, orada da millət dolu. Axtarmağa başladım ki, görüm qucağına körpəsi olan bir ana tapa bilərəm, gətirim bizə verilən körpəyə də süd versin. Tapa bilmədim. Məcbur olub, bizə içməyə verilən cubuqlu süd “paketi”ni açıb südü balaca şüşə qaba tökdüm və tibbi əlcəyin bir barmağını kəsib, ucundan deşik açıb taxdım şüşə qabın ağzına və körpəni yedirtdik. Sonradan atası gəlib apardı, körpənin anası ölmüşdü...”
Zaur onu da vurğuladı ki, hava limanında ölkəni tərk edib xarici qaçmaq istəyən əfqanlar arasında validenylərini itirən uşaqlar, həyat yoldaşı dünyasını dəyişən qadınlar və yaxud atılmışlar çoxdur: “O qədər qarışıqlıqdır ki, bir əfqan itəndə fotosunu A4 vərəqinə köçürüb əlimizdə tutub nümayiş etdiririk ki, bəlkə yaxınlarını tapa bildik. Hərdən buna nail oluruq, hərdən yox. Övladları, valideynləri, doğmalarını itirlənlər də bizə yaxınlaşıb onların tapılmasında kömək etməyimizi istəyirlər. Bu vasitələrlə itənləri tapırıq”.
Sülhməramlımız yeməyini, geyimini və corablarını verdiyi balaca əfqan qızı tapmasından da danışdı. Dedi ki, onlara təhvil verilən 3 aylıq körpə üçün “ana axtarışı”na çıxanda bir qızın adamlar arasında yıxılıb qaldığını görüb: “Əvvəlcə elə bildim ki, ölüb qalıb. Elə hadisələrlə tez-tez üzləşirik. Yaxınlaşıb qaldırdım, gördüm ki, nəfəsi gəlir, amma halsızdır, həm də ayaqyalındır. Qucağıma götürüb gətirdim içəridəki otaqların birinə. Yemək verdim, corablarımı özüm geyindirdim ayağına. Bir müddət keçəndən sonra gördük ki, balaca qız özünə gəldi. Yaxınlarını axtarmağa çıxdım, valideynləri yoxuydu, əmisini tapdım, gəlib apardı”.
Z.Həkimov daha sonra bildirdi ki, əfqanlar özlərini bizim yanımızda çöx təhlükəsiz hiss edirlər. Ona görə də bizə sığınırlar. Hərbçimiz onu da dedi ki, sülhməramlılarımız öz yeməklərindən onlara da verirlər: “Məsələn mənə düşən bir qab yeməyi, üç əfqan arasında bölürəm. Digərləri də həmçinin. Bir sözlə, bizə yeməyə nə verirlərsə, ac qalan əfqanlarla bölüşürük”.
..Beləcə, Zaur Həkimovun timsalında NATO qüvvələri tərkibində xidmət göstərən azərbaycanlı sülhməramlıların əfqan uşaqlarına qarşı göstərdiyi diqqət, qayğı dünyanın bir çox ölkəsi üçün örnək olmalı, humanist davranışlar digər sülhmaramlı kontingentlər üçün əsl insanlıq dərsidir.
Xatırladaq ki, Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı 20 noyabr 2002-ci il tarixindən Əfqanıstan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu il tarixdə Milli Məclis Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib və 19 fevral 2009-cu il tarixindən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib.
5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb. Hazırda bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.