"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına, şəhərlərinə səfər, Xudafərin körpüsünü ziyarət etməklə həm Azərbaycan tarixində şanlı səhifə yazdılar, həm də dünyaya "Qarabağ Azərbaycandır!" mesajının gerçək olduğunu göstərdilər".
Foto.info.az SİA-ya istinadən xəbər verir ki, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev deyib.
QHT sədrinin sözlərinə görə, Ali Baş Komandanın Füzuli rayonunda əhali tərəfindən izdihamla qarşılanması ona olan inam və etibarın göstəricisi idi: “Bu dünyaya bir mesaj oldu – Azərbaycanda xalq-ordu-hakimiyyət birliyini heç bir qüvvə sarsıda bilməz. Heç bir qüvvə bu barədə düşünməsin, qarşılarında güclü Azərbaycan, məğlubedilməz ordusu və iradəli xalqını görəcəklər. Bu birliyin, həmrəyliyin nəticəsi 44 günlük döyüşün qələbə ilə başa çatmasıdır”.
C.Şahverdiyev onu da qeyd edib ki, Ali Baş Komandanın adıçəkilən rayon və şəhərlərdə Azərbaycan bayrağını qaldırmqla xalqımızın heç bir zaman işğalla barışmayacağı və düşmənə qarşı həmişə amansız olacağı mesajını verdi: “Prezidentin həmin səfərdə söylədiyi hər bir fikir xalqa verilən sözün əməli sübutuydu. 17 il aparılan müdrik siyasətin nəticəsi güclü Azərbaycan dövlətinin qurulması, xalqda liderinə inam, etibarı qazandırması, xalqın lideri ətrafında birləşməsi və sonda Qarabağın işğalçılardan azad edilməsidir. Ermənilərin viranə qoyduğları şəhər, kənd və qəsəbələrimizin Prezident İlham Əliyevin tapşırığı ilə yaxın aylarda cənnətə çevriləcəyinə da xalqımız inanır”.
QHT sədri Prezident və birinci xanımın işğaldan azad olunan rayon və şəhərlərimizə dünən etdikləri səfərlərin sosial şəbəkələrdə geniş işıqlandırılması və müsbət fikirlərin söylənilməsini də xalqımızın Ali Baş Komandana olan sədaqətindən, etibarından irəli gəldiyini qeyd edib: “Bütün sosial şəbəkərlər, qruplar, səhifələrdə səfərdən çəkilən fotolar paylaşılıb. Ali Baş Komandanımızın ünvanına fərəh, sevinc dolu mesajlar yazılıb. Bu da bir daha Azərbaycan xalqının Prezident İlham Əliyevlə fəxr və qürur duyduğunun bariz nümunəsidir”.
C.Şahverdiyev onu da vurğulayıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Xudafərin körpüsünü ziyarət etməsi milli-mənəvi dəyərlərimizə sayğının bir nümunəsidir: “Səfər Azərbaycanın qələbəsini şübhə altına almaq istəyən ermənipərəst ölkələrə də sərt sillə oldu. Bu məsələdə də Ali Baş Komandan son nidanı qoydu. Azərbaycanın işğal altında saxlanılan, 30 ildə dağıdılan bütün şəhər və kəndləri tarixi sahibinə qaytarılmalıdır və məcburən qaytarılır. Bir daha işğal fikrinə düşmək istəyən qüvvələr 44 günlük döyüşdə əldə edilən qələbəni göz önünə almalıdırlar”.