Haaqadakı etirazçılar Fransa prezidenti Emmanuel Makronun “Nexus” İnstitutunda çıxış etməsinə icazə verməyiblər.
Foto.info.az “France-Presse”ə istinadla xəbər verir ki, bir qrup tədbir iştirakçısı Makronu etirazçılara qarşı zorakılıqda və demokratik prinsipləri pozmaqda ittiham edib.
Tədbirin əvvəlində Fransa prezidenti tədbir iştirakçılarına təşəkkür etdikdən sonra zaldan ittiham nidaları eşidilməyə başlayıb. Fəallardan biri Fransanın “demokratiyanı itirdiyini” deyib və bunda birbaşa Makronu təqsirləndirib.
Digər fəal Fransa liderini “zorakılıq və riyakarlıq prezidenti” adlandıraraq, ondan dövlət başçısı postunu tərk etməyi tələb edib.
Bundan əlavə, fəallar şüarlı pankartlar açmağa çalışsalar da, mühafizəçilər buna mane olublar. Sonda şüarlar kəsildikdən sonra Makron çıxışına başlayıb.