Siyasi fəal Bəxtiyar Hacıyevi Daxili Işlər Naziri Vilayət Eyvazov ilə görüşüb. Bir neçə gün əvvəl Bəxtiyar Hacıyevi bir neçə maskalı şəxs naməlum istiqamətə apararaq onu nalayiq əməllərlə təhqir etmişdilər
Bu barədə Bəxtiyar Hacıyev məlumat vermişdi.
İctimai fəal Bəxtiyar Hacıyev naməlum şəxslər tərəfindən oğurlanaraq işgəncələrə və təhqirə məruz qaldığını bildirib. O bu gün daxili işlər naziri Vilayət Eyvazov tərəfindən qəbul edilib. Müxalifətdə olan siyasi partiya liderləri ictimai fəalın oğurlanmasının sifarişçisinin mövcud iqtidar olduğunu deyib.
Bəxtiyar Hacıyev Facebook səhifəsində yazıb ki, aprelin 21-də Bakı vaxtı ilə saat 23 radələrində avtomobilinə yaxınlaşanda zibil qablarının arasından bir nəfər üstünə hücum çəkib. Elə həmin anda 4 nəfər qara maskalı şəxs onu zorla maşına əyləşdirərək, başına qara torba keçirib naməlum istiqamətdə aparıb.
“Torbanın üzərindən yapışqan lentlə gözlərimi, əllərimi bağlayıb, ətrafdakı səsləri eşitməməyim üçün qulağıma torbanın üstündən qulaqlıqlar yerləşdirib, gözlərimi və qulaqlarımı var gücləri ilə sıxmışdılar.
Bir müddət getdikdən sonra məni düşürüb başqa maşına keçirdilər. Bu maşında isə başqa 4 nəfər vardı. Onlar da eyni qaydada naməlum istiqamətdə sürməyə davam etdilər, bir müddət sonra məni qaranlıq bir yerdə, mənzilin hamam hissəsinə gətirdilər. Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, Vilayət Eyvazovla (daxili işlər naziri) bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim. Mən heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb, üzərimə sidik ifraz etmək kimi nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və Fuad Muradov ilə bağlı postlarımı silim və bu tələblə əksər postları sildirdilər. Mən "Allahınız olsun" deyəndə müqəddəs Ramazan ayında Allaha qarşı çox təhqiramiz söyüşlər söydülər. "Allahı saymırsınızsa, İlham Əliyevin xətrinə" deyəndə isə təhqiramiz hərəkətlərini davam etdirdilər. Bütün prosesin Go-Pro vasitəsilə çəkilişini edirdilər. Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə bağlı xəbərdarlıq etdilər. Bundan sonra yenə gözlərimi bağlayıb, gətirdilər naməlum bir yerə. Orada da başqa maşın və 4 şəxs təhvil aldı, o da bir müddət sürdükdən sonra qaranlıq, düzənlik bir yerdə gözlərim və əllərim arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürdülər. Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış yox idi. Bir müddət gözlədikdən sonra əraziyə daş boşaldan bir yük avtomobilinin gəldiyini gördüm. Sürücü məni yol kənarına qədər gətirdi, oradan da taksi ilə şəhərə qayıtdım. Sürücü məni götürəndə ərazinin Bakının Ramana qəsəbəsi olduğunu dedi,” o qeyd edib.
DİN Mətbuat xidməti bildirib ki, Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib.
“Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb,” Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.