COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün “COVID-19 vaksin randevu” adlı yeni elektron xidmət istifadəyə verilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, elektron xidmətin yaradılmasında məqsəd tibb müəssisələrinin potensialına görə müraciətləri bölüşdürmək və insan axınını düzgün idarə etməkdir.
Eyni zamanda, onlayn növbə xidməti vətəndaşların vaxtına qənaət etməyə imkan yaradır, belə ki, onların bilavasitə peyvənd məntəqələrində gözləmə növbəsində sərf edəcəkləri vaxt minimuma enir.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 1-ci mərhələdə yaşı 65 və yuxarı olan şəxslərin sözügedən elektron xidmətdən istifadəsi nəzərdə tutulub.
Belə ki, xidmətdən yararlanmaq üçün vətəndaşlar müvafiq sayta daxil olub “COVID-19 vaksin randevu” xidmətini seçməlidirlər. Daha sonra açılan pəncərədə onlayn növbə tutmaq üçün vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır.
VİDEO: “COVID-19 vaksin randevu” adlı yeni elektron xidmət istifadəyə verilib