Son günlər sosial şəbəkələrdə KATV internet provayderində internetin verilməsi ilə bağlı problemlər olduğu bildirilir.
Şirkətin müştəriləri internetin sürətinin zəif olması səbəbindən görüntülü canlı bağlantıların mümkün olmadığını, hətta bəzən internetin tamamilə itdiyini qeyd edirlər.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən KATV-nin mətbuat katibi Pərvin Sadıqov bildirib ki, internetin sürəti ilə bağlı hansısa problem qeydə alınmayıb:
"Bir müddət əvvəl mövcud vəziyyətlə əlaqədar ölkədə bütün provayderlərdə internetin sürətində problemlər yaşanırdı. Lakin hazırda KATV-nin fəaliyyətində heç bir problem yaşanmır. İnternet elə bir xidmət növüdür ki, sürətin zəif olması avadanlıqdan, xəttdən, şifrənin başqaları tərəfindən sındırılmasından və s. səbəblərdən də ola bilər. Həmçinin müştərinin qonşusu daha güclü modemdən, özü isə zəif modemdən istifadə edərsə, bəzən siqnallar bir-birinə qarışar və sürət zəifləyə bilər. Abunəçilərimiz problemin provayderdən olub-olmamasını bilmək üçün vayfayla deyil, xəttə notbuk və kompüterlə qoşularaq da yoxlaya bilər. Əgər qoşulmada problem yaranarsa, şirkətimizlə əlaqə saxlaya bilərlər. Problemlərin qeydə alındığı konkret ünvan olarsa, 7 gün, 24 saat fəaliyyət göstərən qəza briqadalarımız nasazlığı dərhal aradan qaldırar"