Sentyabrın 15-də, saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“foto.info.az” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisində olacaq.
Koronavirus (COVID-19) pandemiyası şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə və kütləvi yığıncaqların qadağan olunmasını nəzərə alaraq səsvermə qiyabi şəkildə keçiriləcək.
Yığıncağın gündəliyinə ABB-nin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatının, eləcə də Bankın nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, səhmdar cəmiyyətinin strateji baxışı və missiyası haqqında bəyanatının müzakirə olunması məsələləri daxildir.
“Mülki Məcəllənin 107-3.2-ci maddəsini və “Səhmdarlarının ümumi yığıncağı haqqında Əsasnamə”nin 2.11-ci bəndini nəzərə alaraq ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bildirişə əlavə olunan bülleten formasını dolduraraq bağlı zərfdə sentyabrın 14-nə qədər baş ofisə göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Zərfləri ümumi yığıncağın keçirildiyi gün Bankın korporativ katibi açacaq”, - deyə ABB-nin İdarə Heyətinin səhmdarlara müraciətində bildirilir.