Bir neçə gün əvvəl yerli telekanallara müsahibə verən prezident İlham Əliyev koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına ciddi təsir etdiyini bildirib. Qeyd edib ki, dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində ölkənin valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb: “Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Hətta bildiyiniz kimi, özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.
Prezident kölgə iqtisadiyyatına qarşı həyata keçirilən tədbirləri xüsusi qeyd edib: “Bizdə qeyri-formal sahədə bəlkə də hələ yüz minlərlə insan işləyir və əminəm ki, onlar da tədricən kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçəcəklər. Bu islahatlar, eyni zamanda, büdcə gəlirlərində də özünü göstərdi. Ancaq altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik”.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanın neftin 14 dollar qiymətinə dözüm əmsalını bir neçə aspektdən qiymətləndirmək mümkündür: “Bunu hesablamaq üçün müxtəlif amillər nəzərə alınmalıdır. Əgər neftin qiyməti uzun mddət 14 dollar olarsa, bu o deməkdir ki, biz bu məhsuldan gəlir götürməyəcəyik. Çünki 14 dollar faktiki olaraq neftin maya dəyəridir. Bu qiymətlə Neft Fonduna da neftdən vəsaitlərin daxil olması dayanacaq. Bu halda biz məcburuq ki, büdcəni ən azı builki həddə saxlamaqla xərcləri icra etmək üçün Neft Fondundan xərcləmələri davam etdirək. Yaxud oradan daha yüksək həcmdə vəsait götürək. Çünki büdcə xərcləmələri Azərbaycan iqtisadiyyatında hökmran mövqeyə sahibdir, iqtisadiyyatın artımı büdcə xərcləmələrinin həcmindən çox asılıdır. Məsələn, tikinti sektorunun iqtisadiyyatımızda payı yüksəkdir. Son illərdə bu sektor dövlət investisiyaları hesabına inkişaf edir. Bu investisiyaları dayandırsaq, tikinti sektorunu, o isə ölkənin Ümumi Daxili Məhsulunu geri çəkəcək. Bu şəraitdə biz məcburuq ki, strateji valyuta ehtiyatlarımızın xərclənməsi hesabına davam gətirək. Mövcud ehtiyatlarımızla haradasa 5-6 il ayaqda qalmaq mümkündür”.
Ekspert qeyd edir ki, dünyada baş verən böhran, birjalarda, fond bazarlarındakı dəyərsizləşmələr Dövlət Neft Fondunun aktivlərini də dəyərdən salır: “Neft Fondu birinci rübdə bu böhran nəticəsində 1,9-2 milyard dollara yaxın itkiyə məruz qalıb. Bunu da nəzərə almaq lazımdır. Əgər biz fondun aktivlərini valyutaya çevirib xərcləməyə başlasaq, qeyd etdiyim qədər davam gətirə bilərik. Bu zaman fonddan builki qədər - 11,3 milyard manat büdcəyə transfertlə bütün sosial proqramlarını icrasını təmin etmək mümkündür. Belə variant da mümkündür ki, iqtisadiyyatın neftdən asılılığını azaltmağa yönəlmiş real və effektiv proqramlarla ortamüddətli dövrdə digər sektorlardan gəlirlərin artımına nail olunsun. Düzü, indiki şərtlərlə bunu tam real hesab etmirəm, ən azı ona görə ki, son illərdə bu məsələ barədə çox danışılıb, amma görülən işlər ciddi bir nəticə əldə etməklə sonuclanmayıb. Bu ilin birinci rübündə neftin aşağı qiymətinə görə ölkənin tədiyə balansında 1,3 milyard dollarlıq kəsir yaranıb. Onu Neft Fondunun büdcə öhdəliyini vaxtından əvvəl icra etməsi yolu ilə qapadıblar. Neft uzun müddət aşağı qiymətdə qalsa, tədiyə balansında yaranacaq kəsiri necə qapatmaq olar - yalnız Neft Fondundan büdcəyə transfertlər hesabına buna nail olmaq mümkün deyil”.
“Yeni Müsavat”