"Karantinin sərtləşdirilməsi Nazirlər Kabineti yanında operativ qərargahın apardığı müşahidələrə əsasən verilir. Onun yumşaldılması və sərtləşdirilməsi təcrübəsi zamanla dəyişilir".
Bunu "ARB 24"ün "Gündəm" verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, bununla bağlı artıq müzakirələr aparılır:
"Vaxt keçdikcə virus haqqında bilgilərimiz artır, yeni imkanlar üzə çıxır. Əvvəlki dövrdə vaksinasiya prosesi yox idi, hər şey yalnız qoruyuculuq qaydalarına əsaslanırdı. Yəni insanlar arasında təmasların mümkün qədər azaldılmasına çalışılırdı. Bu gün vaksinasiya prosesi yoluxmanın sayını əngəlləyən faktorlardan birinə çevrilib. COVID pasportu və immun sertifikatı tənzimləyici sənəddir.
Dövlət artıq SMS-icazə kimi sərt tədbirlərlə hamını qapatmaq istəmir. Müəyyən mənada yoluxma riski az olan insanlara geniş imkanlar vermək istəyir. Yəni idarəedici alətlərlə daha yumşaq idarə etmək iqtidarındadır. Amma yenə də hər şey mövcud durumdan asılıdır.