Biz indi torpaqlarımızı azad edirik. Biz bayrağımızı artıq şəhərlərimizi əhatə edən dağlara sancırıq, şəhərlərimizdə mövcud olan binalara sancırıq, biz zəfər marşındayıq. Belə olan halda baza prinsiplərinə sadiqlik göstərmək çox böyük siyasi iradə və məsuliyyət tələb edir. Ona görə biz bu baza prinsiplərinə sadiqik.
Foto.info.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev NTV televiziyasına müsahibəsində deyib.
“Siz dediyiniz kimi orada göstərilib ki, 5 rayon birinci mərhələdə, ondan sonra 2 rayon, ondan sonra Dağlıq Qarabağın gələcəyi ilə bağlı söhbət aparılacaq. Azərbaycan köçkünləri Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar, - çünki Şuşanın əhalisinin 98 faizi azərbaycanlılar idi, - Xankəndiyə qayıtmalıdırlar və ondan sonra necə ki, Azərbaycanın başqa yerlərində, Bakıda, başqa şəhərlərdə azərbaycanlı və erməni əhali bir yerdə yaşadıqları kimi orada da bir yerdə yaşayacaqlar. Bizim mövqeyimiz budur. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, - necə ki, bunu etdilər, - sonra azərbaycanlılara imkan verməmək ki, qayıtsınlar, - orada etnik təmizləmə siyasətinin nəticələrini möhkəmləndirmək, bizim tarixi, dini, mədəni abidələrimizi yerlə-yeksan etmək, azərbaycanlıların mədəni irsini silmək və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Bax, onların yanaşması budur, bizim yanaşmamız isə budur”, - İlham Əliyev bildirib.