Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin müdiri, sabiq deputat Elton Məmmədovun "Demokrat.az" xəbər portalına müsahibəsi:
II hissə (müsahibənin əvvəlki hissəsi ilə buradan tanış olmaq olar: https://demokrat.az/news/43313)
— Oğlunuz Aynar Məmmədovun 2014-cü ildə “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döydürməsi barədə xəbərlər yayılmışdı. Hətta, oğlunuz həmin jurnalistin döyülməsi ilə bağlı iş üzrə ifadə vermişdi...
— Xeyr, oğlum jurnalisti döydürməyib. Bu, tamamilə yalan və böhtan idi. Axı siz bu sualları haradan çıxarırsız? "Yeni Müsavat"a kimin rəhbərlik etdiyini biz gözəl bilirik. Zamanında onunla da vuruşmuşuq.
— İndi "Yeni Müsavat" qəzeti ilə dostlaşmısınız?
— Xeyr, mən Müsavatla heç zaman dost olmamışam. Ümumiyyətlə, dövlətə müxalif olan heç bir təşkilatla dostluq etmərəm. Mənim bir əqidəm var, o da dövlətə xidmətdir. Mənim amalım rəhbərə və dövlətə sədaqətlə xidmət etməkdir. "Yeni Müsavat"la da mənim heç vaxt əlaqəm ola bilməz.