Bu gündən Azərbaycanda karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi
vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr tətbiq olunacaq.
Bununla əlaqədar qanunvericiliyə edilən dəyişiklik qüvvəyə minib. Bu dəyişiklik
əhalinin qeyd edilən məsələyə qarşı həssaslığını artırıb. Belə ki, şəhərdə tibbi
maskalardan istifadə edənlərin sayında artım nərəzə çarpır. Əməkdaşlarımızın
Gəncənin mərkəzi hissəsində apardığı müşahidələr bunu deməyə əsas verir.
Bank və ATM-lərin qarşısında növbə gözləyən, dayanacaq və ictimai nəqliyyatdan
istifadə edən sakinlərin çoxunda tibbi maskaların mövcudluğu görünür. Sakinlərin
çoxu istifadəsi məcburi olan yerlərlə yanaşı, açıq havada ikən də tibbi maskalarını
çıxarmırlar. Diqqət çəkən digər bir məqam isə qoruyucu vasitələrdən hər yaşdan
olan insanların istifadə etməsidir.
Əhalinin sıxlıq təşkil etdiyi məkanlardan biri də səyyari (mövsümi) xidmət göstərən
obyektlərdir. Burada da müştərilər tərəfindən sosial məsafənin qorunmasına diqqət
yetirilir. Belə ki, bəzi məkan sahibləri üzərinə “Məsafə saxla”, “Tibbi maskasız giriş
qadağandır” yazılan lövhələrlə sakinləri məsuliyyətli olmağa çağırırlar.
Tibbi maskaların istifadəsinə həssaslıqla yanaşan sakinlərin, bank və ATM-lərin
qarşısında növbədə dayanarkən sosial məsafənin gözlənilməsinə biganə olmaları
isə diqqətdən yayınmır. Bu səbəbdən də qeyd edilən məsələyə DİN əməkdaşları və
Daxili Qoşunların əsgərləri nəzarət edirlər. Bu istiqamətdə Gəncə Şəhər İcra
Hakimiyyətinin nəzdində yaradılan mobil qrupların üzvləri də öz fəaliyyətlərini davam
etdirirlər. Onlar Gəncənin mərkəzi ilə yanaşı, şəhərin digər ərazilərində də reydlər
keçirir, əhali arasında maarifləndirici söhbətlər aparır, tibbi maskalar paylayırlar.
Profilaktik söhbətlər zamanı əhali yeni növ koronavirus (COVİD 19) infeksiyasına
qarşı mübarizdə həmrəylik göstərməyə, daha da məsuliyyətli davranaraq tibbi
maskalardan istifadəyə və sosial izolyasiya tədbirlərinə əməl etməyə dəvət olunur.
Qeyd edək ki, Baş Nazir Əli Əsədovun yeni qərarına əsasən Azərbaycan ərazisində
yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi
yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar
arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi
maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Bu tələblərə əməl
edilməməsi İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci (Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əlavə olunmuş
yeni 211.2-ci və 211.3-cü yarımbəndləri ilə məsuliyyətə səbəb olur.
AtaTv.az