3 gündür ki, hər 2 qolu iflic olan Famil Xəlilov həbs edilib.
Məlumat verdiyimiz kimi, Famil Xəlilovun qollarını arxadan bağlayırlar ki, yeriyə bilsin, əks təqdirdə tarazlıq pozulur, yıxılır, yeriyə bilmir. 3 azyaşlı uşaq atası Famil Xəlilovu yedizdirən, içizdirən həyat yoldaşı Kiçikxanım Xəlilovadır.
Sosial şəbəkələrdə hakimiyyəti, şəxsən dövlət başçısı İlham Əliyevi sərt tənqid edən, bəzən də yolverilməz ifadələr işlədən Famil Xəlilovu susdurmaq üçün şərlədilər, yaşadığı evdən narkotik “tapdılar”.
Hazırda Famil Xəlilov Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasındadır.
Məlumat əldə etmişik ki, dustaq yoldaşları Famil Xəlilovu yedizdirmək, içizdirmək istəsələr də o, qida qəbul etməkdən imtina edir.
Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova deyir:
“Famil azadlıqda olanda belə məndən və bacısından başqa heç kimin köməyini qəbul etmirdi. Mənsiz harasa gedəndə yemək təkliflərini geri çevirirdi. Deyirdi ki, “Xanım yedizdirəcək, narahat olmayın”. Dünən Famil zəng etmişdi. Gözlədiyim kimi, dustaqların qida təkliflərini də qəbul etmir. 3 gündür ki, acdır. Bütün bunlarla yanaşı, Familin saxta cinayət işinin istintaqını aparan müstəntiq mənə hədə-qorxu gəlir. Jurnalistlərə danışmamağımı tələb edir. Bizi müxalifətçilikdə qınayır. Famili sərt çıxışlara təhrik etdiyimi söyləyir.”
Bu, apaçıq f-a-ş-i-z-m-d-i-r!