Ülvi Həsənli: “Bu yalanları hökumətin “Abzas Media”ya qarşı şər kampaniyasının növbəti hissəsi hesab edirəm”
Martın 30-da “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından bəyanat yayıb.
O bildirib ki, istintaq “Toplum TV işi” üzrə həbs edilən şəxslərdən birini aldadaraq ifadə almağa çalışıb:
“Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə saxlanılanlardan biri ilə ünsiyyətdə oldum. Söhbət əsnasında öyrəndim ki, ifadə zamanı mənim adımdan həmin adama onun əleyhinə şahidlik etdiyim deyilib. Bildirilib ki, guya xarici ölkələrdən birində olarkən ona böyük məbləğdə pul vermişəm və onun da bu pulu Azərbaycana gətirdiyini etiraf etmişəm. Həmin adam bu söhbətdən təəccüblənib və heç vaxt belə bir hadisənin yaşanmadığını deyib.
Açıq şəkildə bəyan edirəm ki, mənim nəinki “Toplum TV”nin əməkdaşları, ümumiyyətlə heç kimlə belə bir dialoqum olmayıb. Görünür, mənim adımdan “Toplum TV işi” üzrə saxlanılanlardan ifadə almaq üçün istifadə etmək istəyirlər. Bildirirəm ki, mən bu istintaq dövründə ümumiyyətlə ifadə verməkdən imtina etmişəm və “Toplum TV” əməkdaşlarına qarşı da heç bir ifadə verməmişəm”, - Ülvi Həsənli bildirib.