Toplum TV-nin əməkdaşı İlkin Əmrahov barəsində 4 aylıq müddətinə həbs qətimkan tədbiri seçilib.
Polis evindən 2300 avro pul “tapıb”.
İlkin Əmrahovun atası mətbuata açıqlamasında bunları deyib: “Neçə illərdir ki, oxuyur, əziyyət çəkir, axırı da belə. Gətirdilər evə pul atdılar, uşağı da götürüb apardılar. Mən atasıyam, bu da digər oğlumdur. Ordu da şizofreniya diaqnozu qoydular. Yanımda gəzdirirəm, dövlət maraqlanmır. Yəni bununla maraqlanmır, onu da tuturlar. Başqa nə deyim? Hər şey göz qabağındadır. Məşğulluq idarəsində işsiz kimi qeydiyyatda dayanmışam. Dediyim kimi, bu şizofreniya xəstəsidir.
Anası da işləmir.
Bir dənə salamatı İlkindir içimizdə. Özüm də xəstəyəm.
Belə şey olar?”
İlkin Əmrahovun anası isə bunları deyib: “Mənim uşağımın nə günahı var ki? Mənim uşağım heç avro görməyib. Yəni o boyda pulu olanın bir evinə də, yaşayışına baxın da. Bu nə haqdır, bu nə ədalətdir? Biz hansı dövlətdə yaşayırıq? Mən kimdən kömək istəyim?
Kimə müraciət edim?
Gedin evimizi axtarın, heç çörək pulumuz yoxdur.”
Həsən Türksoy