Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulan media orqanları məlum olub.
Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün ümumilikdə 44 media orqanı müraciət edib. Bu media orqanları arasında 5 TV kanalı mövcuddur.
Məlumata əsasən, İctimai TV-nin tarif cədvəlində prezidentliyə namizədlərin ödənişli çıxışı üçün 1 dəqiqəlik məbləğ minimum 1200 manat, maksimum isə 1800 manatdır. Qiymət saat aralığına görə dəyişir.
Ödənişli seçkiqabağı təşviqat üçün ən bahalı TV kanalı Xəzər Televiziyasıdır. Belə ki, Xəzər TV-də 1 dəqiqəlik çıxış üçün minimum məbləğ 3000 manat, maksimum məbləğ isə 7200 manatdır.
REAL TV, ATV və ARB TV-nin tarif cədvəlində isə bənzərlik müşahidə edilir. Belə ki, bu 3 TV kanalında namizədlərin 1 dəqiqəlik ödənişli çıxışı üçün nəzərdə tutulmuş məbləğ saat aralığına görə 600 manatdan 1800 manata qədər dəyişir. Eyni zamanda REAL TV 15 dəqiqəlik çıxış üçün 10 000 manat qiymət müəyyənləşdirib.
Qeyd edək ki, kanalların tarif cədvəlində qiymətlərə ƏDV daxil deyil.