Bakıda ağır yol qəzası olub, ölən və yaralananlar var. Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı 5 dostdan biri ölüb, digərləri ağır xəsarət alıblar.
Qəza Türkan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Musa Məmmədov idarə etdiyi “Toyota Prius” markalı maşınla hərəkətdə olarkən sükana nəzarəti itirib. Minik avtomobili hərəkətdə olan “MAN” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində sürücü M.Məmmədov hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər, 2002-ci il təvəllüdlü Elmir Mehdizadə, 2000-ci il təvəllüdlü Orxan Babazadə, 2002-ci il təvəllüdlü Siyasət Hüseynov və 2003-cü il təvəllüdlü Elşad Şahbazadə ağır bədən xəsarətləri alıblar.
Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Ölən və yaralılar Şüvəlan qəsəbəsində qonşu olublar. Onlar Türkan qəsəbəsinə restorana gedirmişlər.
Faktla bağlı cinayət işi başlanılıb.
Heç kəsə sirr deyildi bu gün Azərbaycanda 1200-1500 manata DYP tərəfindən sürücülük vəsiqəsi satılır. Yol hərəkəti qaydalarını bilməyən gənclər pul müqabilində sürücülük vəsiqəsini pulla alırlar. Nəticədə ölüm və ağır xəsarətlərlə nəticələnən ağır yol nəqliyyat hadisələri qaçılmaz olur.
Bu ölkədə namusunu, şərəfini pulla satanlar çoxdur. Heç olmasa insan həyatını pula satmayın!