“Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yəhyayevin həbs olunduğu bildirilir.
Bu barədə vəkil Zibeyda Sadıqova məlumat verib.
Onun sözlərinə görə, Yəhyayeva qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham irəli sürülüb.
Vəkil qeyd edib ki, onun avqustun 31-dən Abşeron Rayon Polis İdarəsində saxlandığı barədə məlumat alıb: "Dünən, avqustun 31-dən Ağaəli Yahyayevi axtarmışam, ən azı 5 dəfə Abşeron Rayon Polis İdarəsinə zəng vurmuşam. Hər dəfə də mənə cavab veriblər ki, orada belə şəxs saxlanılmır. Bu gün, sentyabrın 1-də isə məlum olub ki, Abşeron Rayon Polis İdarəsində ona qarşı ittiham irəli sürülüb".
Sadıqova əlavə edib ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Yəhyayevin barəsində həbs qətimkan tədbiri seçilib.
Bu deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Hərəkat üzvünün yeri bilinmirdi
Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü Ağaəli Yahyayevin yerinin bilinmədiyi deyilir.
A.Yahyayevin həyat yoldaşı Şahanə Yahyayeva bildirilib ki, avqustun 31-i axşamdan ondan xəbər tuta bilmirlər: "Yoldaşım dünən saat 19:30-da evdən ev paltarı ilə maşınla anasını bağdan götürməyə çıxdı və dedi ki, başqa heç bir yerə getməyəcək. Uşaqları da götürmədi ki, bacısının uşaqlarını da gətirəcək deyə, maşında darısqallıq olacaq. Bağa qədər maksimum bir saatlıq yol var. Bir saat keçəndən sonra telefonla onu yığdım. Telefonu, interneti açıq olsa da, cavab vermədi. Anasına zəng vurdum, bağa gəlmədiyini dedi".
A.Yahyayevin yoldaşı qeyd edib ki, onun polisə etdiyi zənglər də nəticə verməyib. Ş.Yahyayevanın fikrincə, yoldaşı saxlanıb: "Bundan əvvəl biz Bakı Ağır Cinayətlər Məhkəməsinə inanclı şəxslərin prosesinə gedəndə bizi maşınla izləyirdilər. Ağaəli bəy siyasi məhbus həyatını yaşayıb, uzun müddət həbsdə qalıb deyə, ailə ilə çoxlu vaxt keçirməyə çalışır. Dünən yeganə haldır ki, bizsiz evdən çıxdı və dərhal onu apardılar. Deməli, onu əvvəlcədən izləyirdilər".
Bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
A.Yahyayev bundan əvvəl 2015-ci ildə həbs edilərək "Nardaran-2" işi üzrə mühakimə olunub. Bakı Ağır Cinayətlərin Məhkəməsinin qərarı ilə ona 15 il həbs cəzası verilib. A.Yahyayev 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.