AXCP rayon şöbə sədrləri də daxil olmaqla xeyli sayda partiya funksioneri Tofiq Yaqublunun aclıq aksiyasına qoşulmaq niyyətindədir. Yer məsələsi həllini tapan kimi aksiya kütləviləşəcək.
Bundan öncəki yazıda yazmışdım ki, Tofiq bəyin aclıq aksiyasının tələblərini hamı - cəmiyyət də, hakimiyyət də düz başa düşməlidir. Tofiq bəy tək özü üçün hüquq, tək özü üçün ədalət istəmir.
Tofiq bəyin tələbi DİN-in Binəqədidəki müvəqqəti saxlama məntəqəsində inzibati qaydada saxlanılan hər bir şəxsə qanunauyğun münasibətin bərqərar olmasıdır. Məlumatlara görə, təcridxana rəhbərliyi Tofiq bəyin şəxsin özü ilə bağlı bəzi tələbləri (ailəsilə görüşmək, evdən ona yemək gətirilməsinə razılaşmaq) qəbul etməyə yaxındır. Ancaq Tofiq bəy haqlı olaraq Binəqədi müvəqqəti saxlama məntəqəsində saxlanılan hər bir şəxsin hüquqlarına hörmətlə yanaşılmasını tələb edir.
Hakimiyyət, DİN rəhbərliyi İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılan şəxslərə nəhayət, keyfiyyətli yemək verməli, onların ailə üzvlərilə görüşünə və evlərindən onlara azuqə göndərilməsinə mane olmamalıdır.
Sabahdan aclıq aksiyasına qoşulacaq cəbhəçilərin də tələbi budur. Hakimiyyət bu qanuni tələbləri yerinə yetirməli, Tofiq bəy və digər siyasi məhbusları azad etməlidir.
Əli Kərimli