Cəbhəçi Gülnarə Rəhimova bir polis fotosu paylaşaraq "Əziz Məmiyevi döyənlərdən biri bu polis idi" yazmışdı. On gün keçməmiş məhkəmə işi icraata götürdü, 20 gün tamam olmamış hökm oxuyaraq 460 saat ictimai işlər görməsini tələb edirlər. Şikayətçi əslində zorakılıq etdiyinə görə cəzalanmalı olan polis idi, fotonu paylaşan isə bir xanım.
Başqa bir işdə isə 2 ildir bir tərbiyəsiz xalq artistini, deputatı, ictimai fəalı küçə sözləri ilə təhqir edir, onu himayə edənlərin əxlaqına uyğun böhtanlar atır, amma bir dəfə də olsun zərrə qədər kiçik bir cəza almayıb. DİN-in bununla bağlı açıqlaması bu olub: "xanımdır, ona görə". DİN hələ əlində olan imkanları bunun üçün səfərbər edib, tənqidçilərini onun əli ilə şərləməyə çalışırdı. Nazirliyin iki baş idarəsi dəfələrlə "bu dəfə son dəfə xəbərdarlıq etdik, bir daha olmayacaq" deyəndən 1 gün sonra eyni hallar təkrar olunub, bu sözü verənlərin sözləri "последнее китайское предупреждение" olub. Bir nəfər qarşısında qurumuna, rəhbərinə, özünə və sözünə hörmət görməyən və göstərməyənlər hörmətsizlik görəndə başqalarını oğurlatdırıblar.
Arxasını yazmıram ki, bir daha oğurlatmasınlar. Amma hər halda ürəyimdən keçən sözləri onlar da bilir, oxucular da. Öz adamınızı tənqid edəndə xanıma cəza kəsdirib, öz əlaltınızı qorumaq üçün min yalan danışıb, min dona girəndə hörmət görməməyinizə təəccüblənməməlisiniz.
Bəxtiyar Hacıyev