Niderlandın Rotterdam şəhərində Benelüks Azərbaycanlıları Konqresinin (BAK) 5-ci Qurultayı keçirilib. Qurultay iştirakçıları əvvəlcə Vətən uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Dövlət himni səsləndirilib.
Foto.info.az xəbər verir ki, qurultayın açılışında BAK-ın fəaliyyətini əks etdirən video nümayiş olunub və illik hesabat dinlənilib.
Benelüks Azərbaycanlıları Konqresinin nizamnaməsində bəzi dəyişikliklər edilib.
Qurultayda qonaq və müşahidəçi qismində, Niderland və Belçika Koordinasiya Şurasının, Ana Vətən Cəmiyyətinin, Odlar Yurdu Təşkilatının, Niderland Azərbaycan Evinin, Avropa Azərbaycanlıları saytının rəhbərləri və Niderlanda yaşayan diasporumuzun fəal üzvləri iştirak ediblər.
Qurultayda Benelüks Azərbaycanlıları Konqresinin yeni prezidenti və 13 nəfərdən ibarət İdarə heyəti üçün seçki keçirilib. Elsevər Məmmədov yenidən yekdilliklə qarşıdan gələn 4 il müddətinə Benelüks Azərbaycanlıları Konqresinin (BAK) prezidenti seçilib. BAK-ın 4 illik fəaliyyət planı müzakirə olunub.
Qurultay çərçivəsində Benelüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərovaya 70 illik yubiley münasibətilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik məktubu çatdırılıb.